1950-ci il iyunun 1-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən təşkil olunan Qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndirilmiş və elə həmin tədbirdə 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınmışdır.
Uşaqların sağlam və firavan böyüməsi, onların fiziki və mənəvi inkişafı ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Respublikası “Uşaq hüquqlarına dair” konvensiya, “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə və digər beynəlxalq sənədlərə qoşulmuşdur. Həmçinin uşaq hüquqlarının müdafiəsi sahəsində bir sıra qanunlar qəbul etmişdir. Onların sırasında “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” kimi qanunlar var.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tarixli Sərəncamı ilə 2009-cu il Azərbaycanda “Uşaq ili” elan edilmişdi.