Bakının 167 nömrəli tam orta məktəbində iki gündür işıq yanmır. Bu barədə yanvarın 6-da Report məlumat yayıb.
Məlumata görə, bunu həmin məktəbdə oxuyan şagirdlərin valideynləri deyiblər. Onlar qeyd ediblər ki, elektrik enerjisi olmadığına görə şagirdlər soyuq sinif otaqlarında dərs keçirlər.
Məktəbdən bildirilib ki, təhsil müəssisəsinin yaxınlığındakı küçədə elektrik xətlərində qəza baş verib: Azərişıq problemi həll etməyə çalışır. Məktəbin daxili elektrik şəbəkəsində hər hansı problem yoxdur. Tədris prosesi davam edir, davamiyyət normaldır”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, məktəbin elektrik enerjisi təchizatında yaranmış fasilə ilə bağlı aidiyyəti üzrə müvafiq qurumlara müraciət olunub: “Məsələnin qısa zamanda həll edilməsi üçün zəruri tədbirlər həyata keçirilir”.