17 kiloqramdan artıq narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə 11 sentyabr tarixində Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Sentyabrın 8-də saat 10:55-də “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 970 qram narkotik vasitənin (430 qram tiryək, 540 qram heroin) İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Sentyabrın 9-da saat 15:35-də “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Çaxırlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 16 kiloqram 700 qram narkotik vasitə marixuananın İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.