TÖVSİYƏ XƏBƏRLƏR

20 milyonluq qızılları Zamirə Hacıyevadan alınır

Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın 20 milyon dollarlıq qızıl-zinət əşyalarının müsadirə olunması ilə bağlı məhkəmə prosesi davam edir. Bu barədə 25 oktyabr tarixində Qafqazinfo “The Evening Standard”ın London nəşrinə istinadən xəbər verir.

Məlumata əsasən, Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA-National Crime Agency) Zamirə Hacıyevanın qanunsuz yolla əldə etdiyi dəbdəbəli zinət əşyaları ilə bağlı məlumatları tam açıqlayıb.

Məhkəmədə NCA agentliyinin maraqlarını müdafiə edən vəkil Ketrin Kallaqan israrla Zamirə Hacıyevanın sırf dəbdəbə elementi olan 49 ədəd zərgərlik kolleksiyasını saxlamağa heç bir hüquqi əsasının olmadığını bildirib.

Bu məqamda bildirək ki, 60 yaşlı Z. Hacıyeva Böyük Britaniyada çirkli pulları hədəf alan “McMafia” qanunvericiliyinə görə məsuliyyətə cəlb olunan ilk xarici vətəndaş olub.

O, bu ölkədə ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində 2018-ci ilin noyabrın 6-da London polisi tərəfindən həbs olunmuş, 2 gün sonra sərbəst buraxılmışdı.