Mirzə Ələkbər Sabir 30 may 1862-ci ildə Şamaxı şəhərində anadan olub.
O, ilk təhsilini mollaxanada alıb, 12 yaşından isə şair Seyid Əzim Şirvaninin yeni üsullu məktəbində oxuyub.
Mirzə Ələkbər Sabir “Molla Nəsrəddin” jurnalının ən fəal müəlliflərindən biri olub. Lakin yaradıcılığı ilə bağlı ona çox sayda hədə-qorxu gəlindiyindən, şair həmin jurnalda 36 gizli imza ilə çıxış edib. Sabirin seçilmiş əsərlərinin “Hophopnamə” adlandırılması “Hophop” imzası ilə əlaqəlidir. Onun məşhur şeirləri sırasında “Fəhlə”, “Əkinçi”, “Oxutmuram, əl çəkin”, “Uşaq və buz”, “Yalançı çoban”ı qeyd etmək olar. Şairin əsərləri Tiflis, Pеtеrburq, Həştərxan, Səmərqənd, İstanbul kimi şəhərlərin qəzеt, jurnal və məcmuələrində dərc оlunub.
Mirzə Ələkbər Sabir 11 aprel 1908-ci ildə Bakı quberniya ruhani idarəsində imtahan verib. O, 7 may 1908-ci ildə Tiflisə gedib, sonralar Qafqaz Şeyxülislamı idarəsindən ana dili və şəriət müəllimi diplomunu alıb. Bir müddət keçdikdə şair Şamaxı məktəblərindən birində köməkçi müəllim kimi dərs deyib.
1908-ci ildə onun təşəbbüsü ilə “Ümid” məktəbi yaradılıb. Həmin zaman bu məktəbdə 60 nəfərədək şagird oxuyurdu.
1910-cu ilin əvvəllərində Sabir Bakıya gələrək, “Zənbur” jurnalında, “Günəş” və “Həqiqət” qəzetlərində işləməyə başlayır. Lakin bir müddət keçdikdən sonra o, xəstəliyi səbəbindən Şamaxıya qayıdır.
Mirzə Ələkbər Sabir 12 iyul 1911-ci ildə xəstəlikdən dünyasını dəyişib və Şamaxının “Yeddi günbəz” qəbiristanlığında dəfn olunub.