Göyçay rayon İnçə kənd sakini, 8 yaşlı Abdul Xəlilovun əl və ayağında 24 barmağı var. Bununla bağlı 8 may tarixində AZƏRTAC reportaj hazırlayıb.
Lakin bu, azyaşlının hərəkətlərində ciddi çətinlik yaratmır: “Mənim barmaqlarımı sadəcə əlcək və ayaqqabı narahat edir. Buna baxmayaraq, dərslərimi yaza, idman edə, rahat gəzə bilirəm. Bir sözlə, barmaqlarım xoşuma gəlir, bu qədər barmaq heç kimdə yoxdur”
Ailənin sonbeşiyi olan Abdul Xəlilovun nə bacısında, nə də ailəsinin digər üzvlərində belə hal yaşanmayıb.
“Dedilər ki, uşağı aparıb yoxladın, bəlkə başqa artıq orqanları da var. 40 gündən sonra babası aparıb Bakı şəhərində yoxlatdırdı. Orada bildirdilər ki, hər şey qaydasındadır”, – deyə Nənəsi Gülcahan Xəlilova bildirib.
Abdulun babası Məzahir Xəlilov nəvəsi böyüdükcə hərəkətlərində çətinlik yarana biləcəyindən ehtiyatlanaraq, onun barmaqlarını amputasiya etdirmək üçün həkimlə məsləhətləşib.
Lakin cərrah bundan imtina edib: “Qolumu kəssələr də, bu işi görə bilmərəm, bu barmaqları kəsmək olmaz, ehtiyac yoxdur. Barmaqlar normaldır, işləyir”.
“Düzü, mən özüm də barmaqları kəsdirməyə razı deyildim. Həkim problem olmadığını deyəndən sonra rahat oldum”, – uşağın babası əlavə edib.
Tibbi statistikaya görə, hər 1 000 yenidoğulanın birində əlavə barmaq ola bilər.