TÖVSİYƏ XƏBƏRLƏR

Ağdamın işğaldan azad olunmasından bir il ötür

Bu gün Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad olunmasından bir il ötür.

2020-ci ilin noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Rusiya Prezidentinin imzaladığı üçtərəfli Bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verilib.

Rayonun azad olunduqdan sonra Ağdam şəhərində Baş Plana uyğun bərpa və quruculuq işlərinə başlanılıb. Bir il ərzində Ağdamda Sənaye Parkının, Bərdə-Ağdam avtomobil yolunun, məktəbin və ilk yaşayış binasının təməli qoyulub. Həmçinin burada Zəfər Muzeyinin və açıq hava altında İşğal Muzeyinin yaradılması planlaşdırılır.

Ağdam 1993 ilin iyul ayında işğal edilmişdir. Nəticədə rayonun 75%-dən çox hissəsi işğal altına düşmüş və 120 mindən çox ağdamlı məcburi evlərini tərk etmişdir. Şəhərə dəyən ziyan 13 milyard 135 milyon ABŞ dolları dəyərində qiymətləndirilmişdir. Ağdam Birinci Qarabağ müharibəsində ən çox şəhid verən rayon olmuşdur. 5 ildən artıq gedən döyüşlərdə 5897 ağdamlı şəhidlik zirvəsinə yüksəlmişdir, onlardan 16-sı Milli Qəhrəman adını almışdır.

2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb. 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatıb. 2020-ci ilin noyabrın 10-da münaqişə zonasında bütün hərbi əməliyyatlar dayandırılıb.