DİN-dən verilən məlumata görə, sentyabrın 16-da Abşeron rayonu Xırdalan şəhərinin vətəndaşına qarşı soyğunçuluq edilib.
Naməlum şəxslər zərərçəkəni yumruq və təpiklə vuraraq onun “Mersedes” markalı avtomobilini və 1 ədəd mobil telefonunu əlindən alıblar. Həyata keçirilən tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Babaş Məmmədov və tanışı Turan Bəhərzallı tutularaq istintaqa təqdim olunublar. Onlar ifadələrində etdikləri hadisəni etiraf ediblər.
Abşeronda digər bir əməliyyat-axtarış tədbiri nəticəsində Xırdalanda quldurluq edən Ülvi Əliyev, Nahid Musayev, əvvəllər məhkum olunmuş Ənvər Hüseynov, Miribrahim Əliyev, Xəyal Əlilli və Rəhman Mehtiyev tutulublar. Bu şəxslər iki qardaşın olduğu avtomobilin qarşısını kəsərək onlara fiziki zor tətbiq edib və 180 manat pullarını quldurluq yolu ilə əldə ediblər.
Bu şəxslərin Abşeron rayonu, eləcə də, paytaxt ərazisində digər cinayətlər etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polis orqanlarına, həmçinin Nazirliyin “102” Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.