“Azərbaycanla bağlı layihələr düşünürük”. Bunu Bakıda olan türkiyəli iş adamı Acun İlıcalı jurnalistlərə açıqlamasında bildirib.
Bu barədə 22 oktyabr tarixində Unikal.az məlumat yayıb.
“Çox istəyərəm ki, burada bir şou-proqram edək. “Survivor”un yarımfinalını Azərbaycanda təşkil edə bilərik. Niyə də olmasın? Burada həm yaxşı insanlar çoxdur, həm də bizə böyük maraq var”, – Acun İlıcalı qeyd edib.
Biznesmen deyib ki, Türkiyə və Azərbaycan iki dövlət, bir millət olduğunu dəfələrlə nümayiş etdirib: “Azərbaycanlı qardaşlarımızın diqqətini hər zaman hiss edirəm. Aramızdakı bağlılığı bilirəm və sanki öz Vətənimdəyəm. Tarix boyu çətin günlər yaşadıq. Lakin iki dövlət, bir millət olmağı bacardıq, ağır sınaqlardan keçdik”.
“Hesab edirəm ki, buranı daha çox ziyarət etməliyəm. Mənə olan sevginin qarşılığını verməliyəm. Çünki mən də azərbaycanlı qanı daşıyıram. Atamın anası azərbaycanlıdır. Azərbaycana bağlılığım da buradan qaynaqlanır. Uşaq yaşlarından Azərbaycanı sevirəm”, – Acun İlıcalı bildirib.