AFFA Ermənistan və Xorvatiya yığmaları arasında oynanılmış AVRO-2024-ün seçmə mərhələsinin oyununda baş verən hadisə ilə bağlı bəyanat yayıb. Bəyanat 12 sentyabr tarixində assosiasiyanın rəsmi saytında paylaşılıb.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası sentyabrın 11-də baş tutmuş Ermənistan – Xorvatiya oyununun 35-ci dəqiqəsində dron vasitəsilə qondarma rejimin “bayrağı”nın stadionun ərazisində nümayiş etdirilməsini şiddətlə qınayıb.
AFFA Ermənistan Futbol Federasiyasından bu cür əməllərin qarşısını almağı, o cümlədən Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə ləkə atan digər əməlləri önləməyi, öz azarkeşlərini bu əməllərdən çəkindirmək məqsədi ilə tədbirlər görməyi tələb edib.
Bəyanatda sözügedən hadisənin birinci dəfə baş vermədiyi bildirilib.
“Biz AFFA olaraq, futboldan siyasi alət kimi istifadə olunmasına yönələn bütün növ hərəkətlərə qarşı UEFA və digər üstqurumlar qarşısında öz şikayətlərimizi bildiririk və bildirəcəyik. Sözügedən məsələ ilə bağlı UEFA-ya müraciət edərək qurumun ədalətli şəkildə qərar qəbul edəcəyinə ümid edirik.
Bir daha qeyd edirik ki, idman oyunları siyasi əməllərə alət edilməməlidir”, – bəyanatda deyilir.