Ağstafa rayonunda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq hərbi qulluqçusuna xəsarət yetirən şəxs həbs edilib. Bu barədə İnsanoid Qafqazinfo-ya istinadən bu gün, 7 sentyabr tarixində xəbər verir.
Bir neçə gün əvvəl Ağstafanın Saloğlu qəsəbəsində küçədə Baloğlan Bukvadze və rayonun Düzqışlaq kənd sakini Şamxal Həmidovun avtomobilləri üz-üzə gəlib. Yolun ensiz olması səbəbindən onlardan biri digərinə güzəştə getməli olsa da, tərəflər arasında mübahisə başlayıb.
B.Bukvadze ilə digər avtomobildəki sərnişin – hərbçi Orxan Əlizadə arasındakı münaqişə dava ilə nəticələnib. Əlizadə aldığı zərbədən yerə yıxılıb və başı qaz borusuna dəyib.
Aldığı ağır xəsarətlərlə tibb müəssisəsinə yerləşdirilən hərbçi ötən gün dünyasını dəyişib.
Hərbçi Orxan Əlizadəyə ağır xəsarət yetirən Baloğlan Bukvadze barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.