Avropa İttifaqı (Aİ) ölkələri – İtaliya, Yunanıstan və Bolqarıstan 2022-ci ildə Azərbaycandan 15 milyard 598 milyon 852 min 881 avro həcmində təbii qaz idxal edib. Bu haqda bu gün, 22 mart tarixində İnterfaks-Azərbaycan Eurostat-ın materiallarına istinadən məlumat verib.
Statistikaya əsasən, 2021-ci ildə Azərbaycandan Aİ ölkələrinə qaz idxalının dəyəri 3 milyard 892 milyon 233 min 12 avro təşkil edib.
Beləliklə, 2022-ci il üçün Azərbaycanda qazın alış qiyməti təxminən 4 dəfə artıb.
2022-ci ildə İtaliya Azərbaycandan qazın alınmasına 13 milyard 253 milyon 515 min 481 avro (il ərzində təqribən 3,9 dəfə artım), Yunanıstan – 1 milyard 962 milyon 325 min 800 avro (artım təxminən 4,2 dəfə), Bolqarıstan – 383 milyon 11 min 600 avro (il ərzində, demək olar ki, 8 dəfə artım) xərcləyib.
Əvvəllər xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycan qaz ixracını 18% artıraraq 22,3 milyard kubmetrə, Avropaya tədarükü isə 11,4 milyard kubmetrə (+39%) çatdırıb.
2023-cü ildə Azərbaycandan 24 milyard kubmetrdən çox qaz ixracı planlaşdırılır ki, bunun da ən azı 12 milyard kubmetri Avropaya satılacaq.
Hazırda Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır.