TÖVSİYƏ XƏBƏRLƏR

Alış-veriş zamanı: hansı karqo şirkəti daha sərfəlidir?

Azərbaycanda son bir ay ərzində türk lirəsinin ucuzlaşması və Black Friday endirimləri ilə əlaqədar vətəndaşların karqo şirkətlərinə müraciətlərinin sayı artıb. Bəs populyar karqo şirkətlərindən ən sərfəlisi hansıdır? Bunu aydınlaşdırmaq üçün İnsanoid 7 karqo şirkətinin Türkiyədən çatdırılma qiymətlərini müqayisə edib.

Mover.az

Bu şirkət daşımaları 4 ölkədən həyata keçirir: Türkiyə, ABŞ, Rusiya və BƏƏ. Müştərilərə üç tarif təklif olunur: Basic, Standart və Premium. Qiymətlər isə tarifdən asılı olaraq dəyişir. Minimum qiymət Basic tarifində müşahidə olunur. Bağlamanın çəkisindən asılı olaraq qiymət 2-4 dollar arasında dəyişir. Çəki 750 qramdan çox olarsa, bu zaman bağlamanın qiyməti hər kiloqrama görə 4,5 dollardan hesablanır. Çatdırılma isə həftədə 3 dəfə həyata keçirilir.

Starex.az

Bu karqo şirkəti Türkiyədən, ABŞ-dan və Çindən çatdırılma edir. Şirkətin müştərilərinin iki seçimi var: filiala və birbaşa ünvana çatdırılma. Ən aşağı qiymət filiala çatdırılma tarifindədir. Belə ki, bağlamanın çəkisindən asılı olaraq qiymət 1,5-5,5 dollar civarındadır. Bağlamanın çəkisi 1 kiloqramdan artıq olduğu halda, qiymət kiloqrama görə hesablanır. Türkiyədən həftədə 6 dəfə olmaqla göndəriş edilir.

Dynamex.az

Dynamex.az çatdırılmaları iki ölkədən edir: Türkiyə və ABŞ. Qonşu ölkədən 1 kiloqrama qədər olan bağlamalar 1-3,9 dollara çatdırılır. 1-5 kiloqram üçün qiymət 3,9 dollar, 5 kiloqram və üstü üçün isə 3,5 dollar təşkil edir. Reyslər isə həftədə 7 gün həyata keçirilir.

Expargo.az 

Burada da daşımalar iki ölkədən, Türkiyə və ABŞ-dan edilir. 1 kiloqramadək olan bağlamalar üçün xidmət haqqı 0,75-3,89 dollar arasındadır. Çəki 1 kiloqramdan çox olarsa, qiymət hər kiloqrama görə hesablanır. Türkiyədən bağlamalar həftədə 5 dəfə olmaqla çatdırılır.

Colibri.az

Bu şirkət 6 ölkədən bağlamalar çatdırır. Bura Türkiyə, İngiltərə, ABŞ, Almaniya, İspaniya və BƏƏ daxildir. Qiymətlər Standart və Maye tariflərinə görə dəyişir. 1 kiloqrama kimi olan çatdırılmaların qiyməti 2,45-5,95 dollar civarında dəyişir. 1-10 kiloqrama görə qiymət hər kiloqram üçün 5,95 dollar, 10 kiloqramdan çox bağlamalar üçün isə 5,45 dollar təşkil edir. Bu şirkət Türkiyədən həftədə 2 dəfə çatdırılma edir.

Limak.az

Sözügedən karqo xidməti Türkiyədən, ABŞ-dan və Çindən daşımalar yerinə yetirir. Çəkisi 1 kiloqramadək olan bağlamaların çatdırılma ödənişi 1-4,5 dollar arası dəyişir. Bundan artıq çəki üçün isə qiymət hər kiloqrama görə 4,5 dollar hesablanır. Burada Türkiyədən çatdırılma həftədə 6 dəfə edilir.

Kango.az 

Kango.az şirkəti çatdırılmaları yalnız Türkiyədən edir. 1 kiloqrama gədər olan bağlamaların daşıma qiyməti 0,89-3,49 dollar arasındadır. Çəki 1 kiloqramın üzərində olduğu zaman, qiymət hər kiloqrama görə 3,49 dollardan hesablanır. Şirkət həftədə 7 dəfə çatdırılma edir.