Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Bu barədə 31 oktyabr tarixində Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bakının Qaradağ rayonunun inzibati ərazisində yerləşən və Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin dövlət mülkiyyətinə aid 23,74 hektar təşkil edən hissəsi birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna verilir.
Sərəncama əsasən, İqtisadiyyat Nazirliyinə, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə bu sənəddən irəli gələn məsələləri həll etmək tapşırılıb.