Bakının Səbail rayonunda ana və 1 yaşlı qızı 4-cü mərtəbədən düşərək həlak olub. Bu haqda Baş Prokurorluq sentyabrın 2-də məlumat verib.
Avqustun 30-da Badamdar qəsəbəsində yaşayan Aytən Niftəliyeva və qızı evin pəncərəsindən yerə düşüb. Xəstəxanaya çatdırılan körpə həmin gün, anası isə sentyabrın 2-də dünyasını dəyişib.
Faktla bağlı “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi başlanılıb.
Vəfat edən qadının anası və qardaşı hadisə ilə bağlı APA-ya məlumat veriblər. Onların sözlərinə görə, Aytən Niftəliyevanı qucağında uşağı ilə həyat yoldaşı, Rəhman Niftəliyev evin eyvanında döyüb. Bu zaman uşaq 4-cü mərtəbədən yerə düşüb, ana isə öz körpəsinin arxası ilə özünü atıb.
Məlumatda qeyd edilir ki, bütün bunlara səbəb qadının evdən əşyalarını götürərək getmək istəməsi olub.
Aytən Niftəliyeva reanimasiyada yatarkən ifadə verib. O bildirib ki, əri Rəhman onun əlindən vuraraq uşağı yerə salıb. Qadın, həmçinin deyib ki, onu həyat yoldaşı ilə yanaşı qayınatası İlqar da döyüb.
Baş Prokurorluğun məlumatına əsasən, bu ilin ilk 6 ayı ərzində qeydə alınmış adam öldürmə cinayətləri nəticəsində 33 qadın qətlə yetirilib. İyun ayına qədər qeydə alınmış 15 minə yaxın cinayətlərin 803-ü məişət zorakılığı ilə bağlı olub. Bu əvvəlki illə müqayisədə təxminən 25% çoxdur.
Vətəndaşlar qadına qarşı zorakılıq halları ilə üzləşdikdə Baş Prokurorluğun “961” Çağrı Mərkəzinə müraciət edə bilərlər.