Astara rayonunun 40 kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Bu barədə 18 sentyabr tarixində Report Astara Rayon İcra Hakimiyyətinə istinadən xəbər verib.
Züngüləş kəndində Bəndəsər yaşayış massivindəki Astara kiçik su elektrik stansiyasının (SES) bəndi üçün dağılma təhlükəsi yaranıb. Hazırda su bəndin üst hissəsindən təqribən 2 metr hündürlükdə daşmaqdadır.
Pensər-Taxtanakəran-Toradi avtomobil yolunun 5-ci km-dəki Vaqo kəndində yerləşən uzunluğu 25, eni 10 metr olan dəmir-beton körpü dağılıb. Siyəku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 9400 nəfər əhalisi olan 24 kəndi, Asxanakəran kənd inzibati dairəsi üzrə nümayəndəliyin 2850 nəfər əhalisi olan 10 kəndi, Hamoşam kənd ərazi inzibati dairəsi üzrə nümayəndəliyin 2750 nəfər əhalisi olan 6 kəndi, ümumilikdə 15000 nəfər əhalinin yaşadığı 40 kənd ilə əlaqə kəsilib.
Eyni zamanda 700 nəfər əhalisi olan Siyakeş kəndində Pensərçay üzərində yerləşən uzunluğu 10, eni 4 metr olan dəmir körpünü sel aparıb.
Taxtanakəran-Toradi avtomobil yolunun 20-ci km-də torpaq sürüşərək 30 metr məsafədə yolu bağlayıb. Kijəbə-Pəlikeş avtomobil yolunun 11-ci km-dən başlayaraq bir neçə hissədə torpaq sürüşmələri baş verib və yol bağlanıb.
Ərçivan çayının daşması nəticəsində qəsəbə ərazisində 200-ə yaxın ev və həyət su altında qalıb.
Şiyəkəran kəndində isə Pensərçayın üzərində yerləşən, uzunluqları 42 və 54 metr olan iki asma körpü də sel nəticəsində uçub.
***
11:46
Astarada və Lənkəranda leysan nəticəsində çaylarda suyun səviyyəsi kəskin artıb. Bu barədə 18 sentyabr tarixində Report xəbər verib.
Astarada leysan xarakterli yağış nəticəsində dağ çaylarında suyun səviyyəsi kəskin artıb. Nəticədə Vaqo kəndində yerləşən körpünü sel aparıb. Pensər-Toradi yolunda isə çökmələr baş verib. Yol qəzalı vəziyyətə düşdükdən sonra 10-dan artıq kəndin rayonla əlaqəsi kəsilib.
Pensərçayın daşması nəticəsində də bir neçə kəndlə əlaqə kəsilib, sel suları həyətlərə dolub.
Artıq bir neçə kənddə körpüləri sel aparıb, gediş-gəliş çətinləşib. Rayonun Təngərüd, Şiyəkəran, Pensər, Ərkivan kəndlərində meyvə bağlarına, təsərrüfatlara ciddi ziyan dəyib.
Lənkəranda da çayda suyun səviyyəsi maksimum səviyyəyə qalxıb. Artıq bir neçə istiqamətdə su məcrasından çıxaraq həyətlərə dolub.
Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, hazırda Astara rayonunun Ərçivan qəsəbəsi və Maşxan kəndində, Lənkəran şəhəri və rayonun Sütəmurdov kəndində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.