Astarada çəltik yığımına başlanılıb

Astara fermerləri 240 hektardan çox çəltik əkib və cari ilin ilk yığımı zamanı 40 sentnerdən çox məhsul götürüblər. Bununla bağlı 30 avqust tarixində AZƏRTAC məlumat yayıb.

Astara Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasovun bildirdiyinə görə, bu il rayonda keçən illə müqayisədə 36 hektar çox çəltik əkilib.

“Məhsuldarlıq ötən ilə nisbətən bu il yaxşıdır. Təbii düyüdür, heç bir qatqı yoxdur, kimyəvi maddələrdən istifadə edilmir. Düzdür, əkindən sonra gübrələrdən istifadə edilir, o da ki qədərində”, – deyə mərkəz direktoru əlavə edib.

“Bu mövsüm 50 sentner məhsul götürmüşəm. Heç bir çətinlik yoxdur. Aqrolizinqlə kombayn gətirmişik və hazırda biçin işləri aparılır”, – fermer Şahin Rzayev söyləyib.

Çəltik əsasən Astaranın Artupa, Səncərədi, Kakalos, Pensər, Ərçivan, Şiyəkəran və Suparibağ kəndlərində istehsal olunur. Fermerlər daha çox “Haşımi”, “Apula”, “Gülanə”, “Xəzər”, “Meko” və “Sədri” kimi toxum növlərinə üstünlük verirlər. Astarada çəltik yığımı sentyabrın əvvəli yekunlaşacaq.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Astarada çəltik yığımına başlanılıb”

Tövsiyə xəbərlər