TÖVSİYƏ XƏBƏRLƏR

Atatürkün xatirəsi Bakıda anılıb

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 85-ci ildönümü Bakıda anılıb. Bu barədə İnsanoid Türkiyənin Azərbaycandakı səfirliyinə istinadən bu gün, 10 noyabr tarixində xəbər verir.

Atatürkün abidəsi önündə keçirilən anım mərasimində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, səfirliyin əməkdaşları, qardaş ölkənin dövlət qurumlarının nümayəndələri və tələbələr iştirak ediblər.

Tədbirdə Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclik və ətraf mühit naziri Fikri Ataoğlu da iştirak edib.

Əvvəlcə Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra səfirlik binasında Türkiyə Bayrağı yarıya qədər endirilib. F.Ataoğlu və C.Bağcı abidə önünə əklil qoyublar.

Mərasimdə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Eyni zamanda Türkiyənin Azərbaycandakı səfirliyində azərbaycanlı rəssam Ramil Əhmədovun Atatürklə bağlı rəsm sərgisi və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş fotosərgi də keçirilib.