Heydər Əliyev Mərkəzinin parkında Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına həsr olunmuş konsert təşkil olunacaq. Bu barədə Report 26 may tarixində xəbər verib.
Mayın 27-də saat 18:00-da başlayacaq proqramda Xalq artistləri Aygün Kazımova və Miri Yusif çıxış edəcəklər. Proqramın növbəti hissəsində İlkin Fuadoğlu və Dj Nicolas mahnıları ilə gecəni unudulmaz edəcəklər.
Konsert proqramına giriş ödənişsizdir.
Sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edir. Yubiley tədbiri Bakıda qeyd olunacaq. 2 minədək qonağın gəlməsi gözlənilən turnirə 145 ölkədən ümumilikdə 1000-ə qədər idmançı qeydiyyatdan keçib. Çempionat münasibətilə xüsusi ziyafətin təşkil olunması da nəzərdə tutulub. Yarış 29 may – 4 iyunda Bakı Kristal Zalında gerçəkləşəcək.