Azərbaycan bayrağı barədə təhqiredici hərəkət edən erməni futbolçulara cinayət işi açılıb. Bu barədə dekabrın 14-də Baş Prokurorluq məlumat yayıb.
Belə ki, sosial şəbəkələrdə qondarma “Artsax Futbol Liqası”nda çıxış edən “Avo-Martuni” klubunun futbolçularının Azərbaycan bayrağına ayaqlarını sildikləri görüntülər yayılıb.
Faktla bağlı Azərbaycan Baş prokuroru tərəfindən “milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə” və “Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər” maddələri ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, sözügedən futbol klubu ASALA erməni terror qruplaşmasının üzvü, “Avo” kimi tanınan Monte Melkonyanın adını daşıyır. Terrorçu 1993-cü il iyunun 12-də birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusu tərəfindən məhv edilmişdir.