Azərbaycan dənizçilərinin şəxsiyyət sənədinin, dənizçilərə verilən sertifikatların (diplomların) və digər sənədlərin etibarlılıq müddəti 31 mart 2022-ci il tarixinədək uzadılıb. Bu haqda Dövlət Dəniz və Liman Agentliyi dekabrın 25-də məlumat verib.
Qərara əsasən, etibarlılıq müddətinin uzadılması üçün gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər aşağıda qeyd olunan sənədlərlə birlikdə müvafiq müraciəti Dövlət Dəniz və Liman Agentliyinin [email protected] elektron poçt ünvanına göndərməlidirlər:
– gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər tərəfindən uzadılma səbəbinin əsaslandırılmasına dair məktub;
– mövcud şərtlərə əsasən, liman və ya miqrasiya qurumundan gəmini tərk edə bilməməsi barədə yazılı bəyanat və ya rəsmi bildiriş;
– əmək müqaviləsinin surəti.