Türkiyədə keçirilən 12-ci Nəqliyyat və Rabitə Şurası çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin inkişafına dair protokol imzalanıb. Bu barədə 7 oktyabr tarixində nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev öz Twitter səhifəsində məlumat yayıb.
Keçirilən tədbirin əsas müzakirə mövzusu “COVID-19” pandemiyasından sonrakı dövrdə nəqliyyat və rabitə sistemlərinin inkişafı və rəqəmsallaşmanın genişləndirilməsidir.
Nazir öz çıxışında bildirib ki, nəqliyyat dəhlizləri vasitəsilə sərhədlərarası əlaqənin yaxşılaşdırılması istiqamətində işlər davam etməlidir: tranzit asanlaşdırılmalıdır, əməliyyatlar rəqəmsallaşdırılmalıdır, nəqliyyat və ticarət maneələri aradan qaldırılmalıdır.
Rəşad Nəbiyev Qarabağda görülən bərpa işlərindən də danışıb: “Nəqliyyat infrastrukturunun bərpası və dəmir yolu dəhlizlərinin yenidən qurulması nəinki Cənubi Qafqazda dəmir yolu şəbəkəsinin inteqrasiyasını genişləndirəcək, həm də Qərbi Çindən Türkiyənin Mersin limanına ən qısa yolu təmin edəcək”.
Qardaş Türkiyədə beynəlxalq 12-ci Nəqliyyat və Rabitə Şurasında iştirak edirik. Tədbir çərçivəsində keçirilmiş toplantıda Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin inkişafına dair üçtərəfli görüşün protokolu imzalandı. pic.twitter.com/eShQaF7Lxz
— Rashad Nabiyev (@RashadNNabiyev) October 7, 2021