“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin “Made in Azerbaijan” brendi adı altında istehsal olunan kəlağayı məhsulları Azexport.az internet portalı vasitəsilə “Amazon” və “eBay”da satışa çıxarılıb. Bu barədə 25 fevral tarixində İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat verib.
İlkin olaraq sözügedən platformalarda 10 çeşiddə kəlağayı məhsulu satışa qoyulub.
Məlumatda bildirilib ki, gələcəkdə Kooperasiyanın nəzdində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal olunan digər məhsullar da “Amazon” və “eBay” platformalarına inteqrasiya olunacaq.
Qeyd edək ki, pandemiya səbəbindən beynəlxalq poçt daşımaları məhdudiyyətlərlə fəaliyyət göstərdiyindən satışların İsrail, Yaponiya, Çin, Tayvan, Koreya, Honkonq, Sinqapur, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, MDB və Avropa ölkələrinə həyata keçirilməsi nəzərdə tutulub.