TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycan şərablarının əsəs alıcısı olan Rusiya bu məhsul üzrə sifarişləri dayandırıb

Azərbaycan şərablarının əsəs alıcısı olan Rusiya bu məhsul üzrə sifarişləri dayandırıb. Bu haqda aprelin 1-də Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətova istinadən Report məlumat verib.

O bunu Rusiya rublunun kəskin ucuzlaşması ilə əlaqələndirir: “Rusiyadan nəinki artıq sifariş gəlmir, hətta təsdiqlənmiş sifarişlər də dayanıb. Rusiya bazarında əsas məsələ ödənişlə əlaqədardır. Çünki bu ölkəyə qarşı tətbiq edilən sanksiyalar səbəbindən və ölkənin Mərkəzi Bankı tərəfindən banklara qoyulan məhdudiyyətlərə görə, onlar ödəniş edə bilmirlər”.

Assosiasiyanın sədri bildirib ki, iqtisadi fəallığın azaldığına görə nəqliyyat xərcləri də artıb. Belə ki, hazırda bu istiqamətdə logistika xərcləri 2 500-2 600 dollardan 3 500-4 000 dollara qədər artıb.

Əvvəl Azərbaycandan Rusiyaya şərab, kənd təsərrüfatı məhsulları ilə birgə ixrac edilirdi. Hazırda bazar azalıb, indi nəinki şərab ixrac edilmir, hətta kənd təsərrüfatı məhsullarının tədarükü azalıb”, – deyə E.Mədətov əlavə edib.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycan 4 milyon dollar dəyərində 3 milyon şüşə şərab ixrac edib. İxracın 70%-i Rusiyanın payına düşüb.