Azərbaycan ilə Serbiya arasında enerji və mədənçilik sənayesi sahələrində əməkdaşlıq haqqında sazişin imzalanması nəzərdə tutulur. Bu barədə Serbiyanın baş nazirinin müavini – energetika və mədənçilik sənayesi naziri Zorana Mixayloviçə istinadən Report xəbər verib.
O bildirib ki, sözügedən saziş iki ölkə arasında dostluq münasibətlərinin və iqtisadi əlaqələrin daha da yaxşılaşmasına töhfə verəcək.
“Ümidvarıq ki, bu saziş Serbiya nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində, Cənub Qaz Dəhlizi məşvərət şurasının 8-ci iclasında imzalanacaq”, – deyə Serbiya rəsmisi məlumat verib.
Zorana Mixayloviç, həmçinin əlavə edib ki, Serbiya və Azərbaycan yaşıl enerji sahəsində əlaqələrini daha da genişləndirə bilərlər.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi məşvərət şurasının 8-ci iclası fevralın 4-də Bakıda təşkil olunacaq.