TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycan XİN: Ermənistana öz ölkə liderlərinin imzaladığı bəyanatları diqqətlə oxumağı tövsiyə edirik

Ermənistan müxtəlif bəhanələrlə öhdəliklərini yerinə yetirmir, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına əngəl törədir. Bu barədə dekabrın 7-də Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama verib.

Açıqlamada bildirilib ki, Ermənistan XİN-in Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlərin üçtərəfli bəyanatlara guya ki, uyğun olmaması Ermənistan tərəfinin öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırdığını gizlətmək, öz əhalisində fobialar yaratmaq və beynəlxalq ictimaiyyətin diqqətini bu məsələdən yayındırmaq cəhdidir.

Həmçinin əlavə edilib ki, Azərbaycanın Qarabağ bölgəsinə əsassız iddialarından əl çəkməyən, revanşizm sərgiləyən Ermənistan Azərbaycanın iki ölkə arasında münasibətlərin normallaşdırılması addımlarına qarşılıq vermir.

Ermənistan XİN-inə saxta əsaslarla beynəlxalq ictimaiyyətə üz tutmaqdansa, öz ölkə liderlərinin imzaladığı bəyanatları diqqətlə oxumağı və bu sənədlərlə üzərilərinə götürdükləri öhdəliklərin icrasına keçməyi tövsiyə edirik”, – deyə qurumdan vurğulanıb.