Azərbaycanda 1300-ə yaxın iş yeri açılacaq

2021-ci ilin ilk 7 ayında investisiya təşviqi sənədi verilmiş layihələrin reallaşması nəticəsində 1300-ə yaxın yeni iş yerinin açılacağı nəzərdə tutulur. Bu barədə 6 avqust tarixində İqtisadiyyat Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.

Cari ildə 24 sahibkarın 24 layihəsinə investisiya təşviqi sənədi təqdim edilib. Layihələrə əsasən yerli istehsala 143 milyon manatadək investisiya yatırılacağı planlaşdırılır. Onların 83%-i regionların payına düşür. Təqdim edilmiş sənədlərin 54%-i sənaye, 42%-i kənd təsərrüfatı, 4%-i isə logistika sahələrini əhatə edir. Sahibkarlara 68 milyon dollarlıq texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün 332 təsdiqedici sənəd verilib.

İnvestisiya təşviqi mexanizmi 2016-cı ildə yaradılıb. Ona əsasən sahibkarlar 7 il müddətinə gəlir və ya mənfəət vergisi üzrə 50%, torpaq və əmlak vergisindən isə tam azad olunurlar. Həmçinin texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına görə 7 il müddətinə ƏDV-dən və gömrük rüsumundan tam azad olunurlar.

2016-cı ildən 421 sahibkarlıq subyektinin 504 layihəsinə investisiya təşviqi sənədi təqdim edilib. Layihələrin reallaşdırılması nəticəsində yerli istehsala 4,58 milyard manatdan artıq investisiya yatırılacağı, 34 mindən çox yeni iş yerinin yaradılacağı nəzərdə tutulur. Artıq 350-dən çox layihə fəaliyyətə başlayıb və 26 mindən çox iş yeri yaradılıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx