2020-ci ilin hesabatına görə, qeydiyyatda olan autizmli uşaqların sayı 1383, atipik autizmli uşaqların sayı isə 46 nəfər təşkil edib. Bu barədə 1 aprel tarixində Report Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, professor Fuad İsmayılova istinadən məlumat verib.
Məlumata əsasən, hesabat dövründə 0-13 yaş aralığında həyatında ilk dəfə müraciət edən autizmli uşaqların sayı 367, ilin sonunda isə atipik autizmli uşaqların sayı 10 nəfər olub.
Professorun sözlərinə görə, autizmi ana bətnində öyrənmək mümkün deyil: “Valideynlər övladlarına 2-5 yaş arasında olanda diqqət etməlidirlər. Çünki körpələrin ünsiyyət qurması, adətən, 2 yaşdan başlayır”. Nümayəndə bildirib ki, əgər uşaq suallara cavab vermirsə, ünsiyyətdən çəkinirsə, bu zaman valideyn narahat olmalıdır. O qeyd edib ki, autizmin aşkarlanması gecikdikcə müsbət nəticə almaq çətinləşir.
“Təəssüf ki, günümüzdə autizmin medikamentoz müalicəsi yoxdur. Lakin xüsusi proqramlar vasitəsilə müəyyən irəliləyiş əldə etmək mümkündür”, deyə Fuad İsmayılov əlavə edib.