TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanda elektromobillərin az olma səbəbi nədir?

Ötən ilin ilk 8 ayı ilə müqayisədə bu il ərzində Azərbaycanda elektrik avtomobillərin (e-car) satışlarının həcmi 136-dan 55-ə düşüb. Bu barədə məlumat Dövlət Gömrük Komitəsinin statistikasında əks olunub. Bununla bağlı Banker.az 28 sentyabr tarixində araşdırma aparıb.

“Bu gün Azərbaycanda ekoloji təmiz avtomobillərə maraq çoxdur”, – avtomobil sahəsi üzrə ekspert Eldəniz Cəfər söyləyib. Onun fikrincə Azərbaycanda hibrid mühərrikli avtomobillərlə yanaşı elektriklə çalışan maşınlara da maraq göstərilir. Ekspert bildirib ki, elektromobillər daha baha olduğundan, idxal və daxildə istismarına hər hansı bir güzəştlər olmadığından vətandaşlar arasıda populyar deyillər.

İqtisadçı-ekspert Elman Sadıqovun sözlərinə görə isə, elektrik avtomobillərin geniş yayılması üçün infrastruktur lazımdır. O, həmçinin qeyd edib ki, elektromobillər üçün ölkədə elektrik doldurma (charge) stansiyaları olmalıdır. İdxalın artmasına mane olan digər səbəblərdən biri isə elektromobillərin servis və ehtiyat hissələri məsələdir. Ekspert bildirib ki, ölkəmizdə bu avtomobillər haqqında təbliğat, maarifləndirmə demək olar ki, aparılmır, bu isə həmin avtomobillərə marağı azaldır.

“Biz cəmiyyət olaraq görünüşə, dizayna çox önəm veririk. Elektrik doldurma stansiyalarının olmaması, qiymət, daha cəlbedici  yanacaqla işləyən avtomobillərin olması, təbliğatın olmaması elektrik avtomobillərin daha geniş yayılmasına və idxalının artmasına mane olan əsas amillərdəndir”, – deyə Elman Sadıqov əlavə edib.

Milli Məclisin deputatı Tahir Mirkişilinin dediyinə görə, elektromobillərin idxalı zamani ƏDV ödənilmir və ödənilən rüsumun ləğvi barədə müzakirələr aparılır.