TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanda QİÇS-dən ölənlərin sayı yarıya qədər azalıb

Azərbaycanda Qazanılmış İmmun Çatışmazlıq Sindromundan (QİÇS) ölənlərin sayı ötən illərlə müqayisədə 50%-ə qədər azalıb. Bu haqda dekabrın 1-də Səhiyyə Nazirliyinin rəsmisi Famil Məmmədov məlumat verib.

O, həmçinin bildirib ki, ölkədə İnsanın İmmunçatışmazlığı Virusu (İİV) ilə bağlı epidemioloji vəziyyət tam nəzarətdədir. Qeyd edilib ki, bu 1996-cı ildən istifadə olunan antiretrovirus terapiyası ilə əlaqəlidir.

Azərbaycanda bu günə qədər 7 867 İİV-lə yaşayanlardan 25-49 yaş arasında olanlar təxminən 78% təşkil edir. 17 yaşa qədər uşaqların göstəricisi isə 2%-dir. Terapiyaya cəlb olunan hamilələr 98% halda sağlam övlad dünyaya gətirirlər.

ÜST-ün Azərbaycan nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanovanın sözlərinə görə, ölkəmizdə İİV-ə yoluxma narkotik istifadəçiləri arasında daha çox yayılır. Respublika QİÇS-lə Mübarizə Mərkəzi bu məlumatı təsdiqləsə də, cinsi yolla yoluxma hallarının da çox olduğunu bildirilir.

QİÇS qan və cinsi əlaqə vasitəsilə yoluxan xəstəlikdir. Virus orqanizmə daxil olduqda immun sistemini tamamilə yox edir və yoluxmuş adamın digər xəstəliklərə qarşı həssaslığı artır. Xəstəliyin ilk dövrü əlamətsiz keçir. Lakin bu müddət ərzində xəstə başqalarını yoluxdura bilir. Xəstəlikdən qorunmaq üçün birinci növbədə, gigiyena və sağlamlıq qaydalarına riayət olunmalıdır. Manikür, pedikür etdirərkən şəxsi alətlərindən istifadə edilməlidir. Cinsi əlaqədə olduqda qoruyucu vasitələrdən istifadə olunmalıdır.