TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanda qazın ixracı 35% artıb, neftin ixracı isə 3% azalıb

Azərbaycanda 2021-ci ilin yanvar-iyul ayları üzrə 20,1 milyon ton neft və 24,1 milyard kub metr qaz hasil edilib. Bu barədə məlumatı 24 avqust tarixində Energetika Nazirliyi yayıb.

Neft hasilatının 66%-i “Azəri-Çıraq-Günəşli”nin, 11%-i “Şahdəniz”in, 23%-i isə SOCAR-ın payına düşüb. Qaz hasilatının 31%-i AÇG-dən, 50%-i “Şahdəniz”dən və 19%-i SOCAR üzrə hasil olunub.

2021-ci ildə 16,4 milyon ton neft və 10,4 milyard kub metr qaz ixrac olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə neftin ixracı 3% azalıb, qazın ixracı isə 35% çoxalıb. Cari ilin yanvar-iyul aylarında Türkiyəyə 5,2 milyard kub metr, Avropaya 4 milyard kub metr, Gürcüstana isə 1,1 milyard kub metr qaz ixrac edilib.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 avqust 2021-ci il tarixinədək 569 milyon tondan çox neft və 331 milyard kub metrdən çox qaz hasil edilib.