Azərbaycanda “Turizm haqqında” qanuna bir sıra dəyişikliklər edilib. Dəyişikliklər Milli Məclisin bu gün, dekabrın 14-də keçirilən iclasında I oxunuşda qəbul edilib. Bu barədə Report məlumat verib.
Belə ki, yoluxucu xəstəliklər təhlükəsi olan ölkəyə gedən və ya bu cür ölkədən gələn turistlər tibbi müayinə, vaksinasiya və ya digər profilaktik tədbirlərdən keçəcək, yaxud bu barədə müvafiq sənəd təqdim etməli olacaqlar.
Digər dəyişiklik ondan ibarətdir ki, Azərbaycana gəlmək üçün viza tələb olunduğu hallarda turist kimi gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər turizm vizası alacaqlar. Turizm vizasının müddəti 30 gün müəyyən edilib.
Sözügedən vizasının rəsmiləşdirilməsi üçün turizm vauçeri və ya turizm yollayışı, yaxud sərnişin bileti və yerləşmə vasitəsində yer sifariş edilməsini təsdiqləyən sənəd və Miqrasiya Məcəlləsinin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur.
Həmçinin qanuna edilən dəyişikliyə əsasən, Azərbaycanda hər bir mehmanxana fəaliyyətə başladığı tarixdən 6 ay ərzində ulduz kateqoriyası əldə etməlidir. .