İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilən idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində bu günədək rezidentlər 426 milyon manatdan çox vəsaitə qənaət ediblər. Bu barədə 8 aprel tarixində İqtisadiyyat Nazirliyi məlumat verib.
Qeyd edək ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə isə gömrük rüsumundan azad olunurlar.
2021-ci ildə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektoruna qoyulmuş investisiyalarda xüsusi çəkisi 23,8% təşkil edib.
Hazırda Azərbaycanda 7 sənaye parkı fəaliyyət göstərir. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 35-dən çox ölkəsinə ixrac edilir.