Azərbaycanın daha 8 istehsal müəssisəsinə Rusiyaya alma ixrac etməyə icazə verilib. Bu haqda 10 avqust tarixində Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
Rusiyaya Azərbaycan almasının idxalına 2020-ci ilin dekabr ayından fitosanitar normaların pozulması səbəbindən qadağa qoyulmuşdur. Bu qadağanın aradan qaldırılmasına 2021-ci ilin mart ayından etibarən başlanılıb.
Bu günə kimi Rusiyanın Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti tərəfindən 54 alma istehsalı müəssisəsindən ixraca icazə verilib. Azərbaycandan Rusiyaya alma ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 121 min ton qiymətləndirilir. Bu göstərici 2020-ci il ərzində Rusiyaya ixrac olunan alma məhsulunun 181%-dan çoxunu təşkil edir.
Ümumilikdə 2021-ci ilin ilk yarısında Azərbaycan 26 min tona yaxın alma ixrac edib. Qeyri-neft məhsullarının ixracında alma ixracının payı 1% təşkil edir.