TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanlı gənclərin xaricdə təhsilinin maliyyələşdirilməsində texniki sahələrə üstünlük veriləcək

Azərbaycanlı gənclərin xaricdə təhsilinin maliyyələşdirilməsində texniki və texnoloji sahələrə üstünlük veriləcək. Buna səbəb ölkədə həmin sahələr üzrə ixtisaslı kadrlara tələbatın çox olmasıdır. Bu barədə təhsil naziri Emin Əmrullayev oktyabrın 1-də bildirib.

Yeni layihə çərçivəsində ildə təxminən 300-400 tələbənin xaricə göndərilməsi planlaşdırılır.

Nazirin sözlərinə əsasən, proqramda magistr pilləsinə üstünlük veriləcək. Bakalavr pilləsi üzrə isə proqramdan reytinqdə yüksək yerlərə və beynəlxalq olimpiadalarda nailiyyətlərə malik olan gənclər faydalana biləcəklər.

“Bundan əvvəl xaricdə dövlət proqramı vasitəsilə təhsil alanların əksəriyyəti ölkəyə geri qayıdıb. Yeni proqram üzrə də xaricə oxumaq üçün gedən şəxslərin geri qayıtmaları nəzərə alınacaq”, – deyə Emin Əmrullayev qeyd edib.

Daha öncə, sentyabrın 30-da Prezident İlham Əliyev “Azərbaycanlı gənclərin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Sərəncam imzalayıb. Layihə Nazirlər kabineti tərəfindən iki ay ərzində hazırlanmalıdır.