AZAL 2030-cu ilə qədər köhnə təyyarələrin tədricən istismardan çıxarılmasını, yeni geniş və dar gövdəli 30 hava gəmisindən ibarət donanmamızın formalaşdırılmasını planlaşdırır. Bu barədə APA 14 sentyabr tarixində xəbər verib.
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti vəzifəsini müvəqqəti icra edən Samir Rzayev deputatlarla görüşdə bildirib ki, donanmanın genişləndirilməsi yeni marşrutları inkişaf etdirməyə imkan verəcək, həmçinin uçuş şəbəkəmizin planlaşdırılması və idarə edilməsində daha çox çeviklik təmin edəcək.
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti qeyd edib ki, strategiyalarının digər mühüm istiqaməti 2 növ təyyarədən ibarət vahid aviaparkın yaradılmasıdır. Qeyd edilib ki, belə aviapark ilk növbədə,kadr hazırlığı və texniki xidmət xərclərini azaltmağa kömək edəcək, həmçinin əməliyyat səmərəliliyini və xidmət keyfiyyətini artırmağa imkan verəcəkdir.
Görüş iştirakçıları həmçinin, “Azərbaycan Hava Yolları” və “Buta Airways”in vahid AZAL brendinə birləşdirilməsi və sərnişinlərin əldə edəcəyi üstünlüklər və imkanlar barədə danışıblar. Bunun aviaşirkətin bazarda daha səmərəli fəaliyyət göstərməsinə, müştərilərə vahid və tanınan brend təklif etməyə imkan verəcəyi bildirilib.