Azərbaycan dövlət sərhədini pozmağa cəhd edən əcnəbilər saxlanılıblar. Bu barədə İnsanoid bu gün, 30 avqust tarixində Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir.
Hadisə avqustun 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində qeydə alınıb.
Dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycandan Gürcüstana keçməyə cəhd göstərən Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşları – 54 yaşlı Amair Ziane və 24 yaşlı Belxatır Mohammed-Fodil sərhəd naryadı tərəfindən saxlanılıblar.
Müəyyən edilib ki, saxlanılan şəxslər ölkə ərazisinə rəsmi qaydada gəliblər. Onlar dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olublar.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.