TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycan güləş tarixində ilk: millimiz yunan-Roma güləşi üzrə komanda hesabında dünya çempionu olub

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi komanda hesabında dünya çempionu olub. Bu barədə İnsanoid bu gün, 25 sentyabr tarixində Report-a istinadən xəbər verir.

Bu, dünya çempionatlarında Azərbaycan güləş yığmaları tarixində bir ilkdir.

2 qızıl 3 gümüş medal qazanan Azərbaycan millisi 120 xal toplayaraq, ilk dəfə komanda hesabında dünya çempionu olub.

Buna qədər ən yaxşı nəticələr sərbəst güləşdə 2009 və 2010, yunan-Roma güləşində isə 2015 və 2022-ci illərdə qeydə alınıb. Həmin dünya çempionatlarında millilərimiz komanda hesabında 2-ci yeri tutub.

Yunan-Roma güləşi üzrə yığma həm medalların əyarına, həm də toplanan xallara görə də dünya çempionatlarında Azərbaycan güləş yığmaları tarixinin ən yaxşı nəticəsini əldə edib.

Serbiyanın paytaxtı Belqradda keçirilən mundialda İran (102) ikinci, Türkiyə (93) isə üçüncü yeri tutub.

Bu yarışda Eldəniz Əzizli (55 kq) ilə Rafiq Hüseynov (82 kq) dünya çempionu olublar. Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) isə gümüş medal qazanıblar.

Komandamız 67 və 77 kq-da olimpiadaya lisenziya əldə edib.