Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və İsrailin “OurCrowd” şirkəti arasında Strateji əməkdaşlıq sazişi imzalanıb. Bu barədə 17 avqust tarixində İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, 8 illik sazişin dəyəri 15 milyon dollardır. Sənədə əsasən, Azərbaycanda startap şirkətlərinin inkişafına dəstək və mentorluğu təmin etmək imkanı yaradılacaq. Sazişdə hədəf sektorları kimi enerji, səhiyyə, kibertəhlükəsizlik, aqro, qida və təhsil texnologiyaları nəzərdə tutulub.
Qeyd edək ki, “OurCrowd” şirkəti 2013-cü ildə yaradılıb. Şirkət investorlara və təşkilatlara inkişaf etməkdə olan texnologiya şirkətlərinə sərmayə qoymağa imkan yaradan onlayn qlobal vençur investisiya platformasıdır. “OurCrowd” bütün sektorlar üzrə şirkətləri təhlil edir, seçir və sərmayə qoyur. Şirkət öz kapitalını 347 portfel şirkətinə və 39 fonda yatırıb.