TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycan Kahramanmaraşdakı tikinti işləri üçün 100 milyon dollar ayırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin zəlzələ nəticəsində dağıntılara məruz qalan Kahramanmaraş vilayətində Azərbaycan hökumətinin yaşayış binaları və sosial infrastruktur obyektləri tikməsini nəzərdə tutan sazişi təsdiqləyib. Bu barədə 11 noyabr tarixində Report məlumat verib.

Sazişə əsasən, Azərbaycan Kahramanmaraşın bölgələrinin birində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi tikəcək.

Azərbaycan hökuməti layihənin reallaşması üçün 100 milyon dollar ayıracaq.

Əməkdaşlıq sazişi çərçivəsində Türkiyənin Ətraf, Şəhərsalma və İqlim dəyişikliyi Nazirliyinin Mənzil İnkişaf İdarəsi (TOKİ), Azərbaycandan isə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) icraçı qurumlar qismində iştirak edəcək.

MİDA və TOKİ-nin məsul şəxslərindən ibarət İşçi qrup formalaşdırılacaq. Sənəd 2 il müddətinə qüvvədə qalacaq.

Xatırladaq ki, “Azərbaycan və Türkiyə arasında Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi tikintisi barədə əməkdaşlıq haqqında” saziş 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanıb. Sənədi Azərbaycan tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Türkiyə tərəfindən isə ətraf, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki imzalayıblar.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ olub. Təbii fəlakət nəticəsində Türkiyədə 50,5 min nəfər ölüb.