Yunanıstan-Bolqarıstan İnterkonnektorunun tikintisi yekunlaşır. Bunu Prezident İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, yuxarıda qeyd olunan layihəyə oxşar İonik-Adriatik boru kəməri vasitəsilə Azərbaycan qazı üç Balkan ölkəsinə nəql ediləcək.
Prezident qeyd edib ki, son dövrdə Azərbaycana 10-dan çox ölkədən – Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan və digərlərindən ya mövcud qaz təchizatının artırılması, ya da qaz təchizatına yeni qoşulma ilə bağlı rəsmi müraciətlər daxil olub.
Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30%-ni ödəyə biləcək. Qaz kəmərinin tikintisinə 2019-cu ilin may ayında başlanılıb. 2022-ci ilin mart ayında isə IGB Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) qoşulub.