Azərbaycan Rusiyaya etiraz notası verib. Bu barədə oktyabrın 24-də Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.
Rusiyanın Birinci Kanalında yayımlanan “Böyük oyun” verilişinin efirində rusiyalı politoloqlar və erməni əsilli ekspertlər tərəfindən səsləndirilmiş açıq-aşkar anti-Azərbaycan çıxışları, Azərbaycan Respublikasının ərazi bütövlüyünün şübhə altına alınması və dövlət xəritəsinin təhrif edilməsi Azərbaycanın etirazına səbəb olub.
Notada vurğulanıb ki, verilişin qonaqları öz çıxışları ilə Ermənistan cəmiyyətində revanşist qüvvələri keçmişdə qalan münaqişəni canlandırmağa təhrik edir və separatizmi açıq şəkildə dəstəkləməklə iki xalq arasında düşmənçilik toxumu səpirlər.
Sənəddə qeyd olunub ki, regionda mövcud olan kövrək sülh şəraitində gərginliyə səbəb ola biləcək və vəziyyəti daha da gərginləşdirə biləcək təxribatların qarşısının alınmasında KİV nümayəndələrinin üzərinə xüsusi məsuliyyət düşür.
Azərbaycan tərəfi Rusiyadan Rusiya KİV nümayəndələrinin təxribat xarakterli hərəkətlərinin dayandırılması və gələcəkdə təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görməyi tələb edib.