BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə “Agrarco” MMC arasında fındıqçılıq sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb. Bu barədə aprelin 14-də Report xəbər verib.
Belə ki, fındıq istehsalı və emal zamanı xəstəliklərin yaranma səbəblərinin müəyyən edilməsi və bu sahədə fermerlərin potensialının artırılması ilə bağlı fəaliyyətlər nəzərdə tutulub.
FAO Kənd Təsərrüfatı Nazirliyi ilə birgə 2020-ci ildən bəri Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin yüksəldilməsi layihəsi icra edir. Sözügedən layihənin məqsədi istehsal edilmiş məhsulun keyfiyyətinin yaxşılaşdırılmasıdır.
Agrarco MMC fındıq və yaş meyvələrin istehsalı və ixracı ilə məşğul olan kənd təsərrüfatı şirkətidir. Adıçəkilən şirkət 2017-ci ildə 3 kənd təsərrüfatı şirkətinin birləşməsi nəticəsində yaradılıb.
Azərbaycanda 80 min hektardan çox ərazidə fındıq əkilir və 67 min tondan çox məhsul yığılır. Fındıq 2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ən çox ixrac etdiyi üç məhsuldan biri olub.