Azərbaycan xilasediciləri Türkiyədə zəlzələ baş vermiş bölgədə 3 nəfəri dağıntılar altından xilas edib, habelə 10 nəfərin cəsədini çıxarıblar. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən bu gün, 7 fevral tarixində məlumat verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədədir.
FHN-in xilasediciləri qardaş ölkədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3 nəfəri sağ, 10 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.