Oktyabrın 26-dan Azərbaycanın bir sıra ticarət şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiyməti 60 qəpikdən 55 qəpiyə düşüb. Bu barədə Report 28 oktyabr tarixində xəbər verib.
Araşdırmaya görə, bu, 2023-cü ildə çörəyin 3-cü ucuzlaşmasıdır.
Bu ilin mart ayında sözügedən çörəyin qiyməti 70 qəpikdən 65 qəpiyə, iyun ayında isə 65 qəpikdən 60 qəpiyə düşmüşdü. Beləliklə, il ərzində qiymətdə ümumilikdə 21,4% azalma olub.
Son bir neçə ayda dünya bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğda ucuzlaşıb. Belə ki, bu ay ərzaqlıq buğdanın 1 tonunun orta aylıq idxal dəyəri 230,9 ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə təqribən 28% azdır. Eyni zamanda beynəlxalq proqnozlarda bu il buğda istehsalının artacağı vurğulanır.
Çörəyin qiymətinin enməsinə səbəb kimi unun topdansatış qiymətlərinin aşağı düşməsi göstərilə bilər. Respublikada aparılan antiinflyasiya tədbirləri çərçivəsində monitorinqi həyata keçirən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet saytına istinadən 26 oktyabr 2023-cü il tarixə olan məlumata əsasən, 50 kq-lıq qablaşdırmada un kisəsinin topdansatış qiyməti 26,4-28,5 manatdır.
2022-ci ilin oktyabr ayında unun topdansatış qiyməti 40-40,15 manat olub.