Dünyada 3 milyona yaxın xəstə böyrək əvəzləyici müalicə (BƏM) alır və bu sayın 2030-cu ilə qədər 5-10 milyona çatması gözlənilir. Bu məlumatı APA Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-nefroloq Hikmət İsmayılova istinadən bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda 3 678 nəfər dövlət vəsaiti hesabına proqram üzrə hemodializ müalicəsi qəbul edir:
“Eyni zamanda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 54 hemodializ mərkəzi 700 dializ aparatı ilə təchiz olunub. Böyrək əvəzləyici müalicəyə hemodializ, periton dializi, böyrək transplantasiyası və son vaxtlar sınaqdan keçirilən qarın boşluğuna implantasiya oluna bilən süni böyrək (implantable artificial kindey) aiddir.
Əgər xəstənin yaşı, əsas xəstəliyi və s. uyğundursa, böyrək köçürülməsi ən uyğun böyrək əvəzləyici müalicə növü hesab olunur. Böyrək transplantasiyasının əsas üstünlüyü ondan ibarətdir ki, əməliyyatdan sonra xəstənin orta ömür müddəti əhəmiyyətli dərəcədə yüksəlir”.