Əfrasiyab Bədəlbəy oğlu Bədəlbəyli 19 aprel 1907-ci ildə Bakı şəhərində anadan olub. Bəstəkar Azərbaycanda ilk baletin müəllifidir.
Bədəlbəyli 1924-cü ildə indiki Asəf Zeynallı adına Musiqi Kollecinə və eyni zamanda indiki Bakı Dövlət Universitetinin şərq fakültəsinin dilçilik şöbəsinə daxil olub.
Bədəlbəyli bəstəkar kimi fəaliyyətinə Cəfər Cabbarlının dram əsərlərinə musiqi yazmaqla başlayıb. 1928-ci ildə musiqisi Əfrasiyab Bədəlbəyliyə məxsus Cəfər Cabbarlının “Od gəlini” əsərinin premyerası olub. Daha sonra o, Cabbarlının “Sevil”, “Almaz”, “Solğun cicəklər”, M.F.Axundovun “Hacı Qara”, “Müsyo Jordan”, H. Cavidin “Knyaz”, “Səyavuş”, S. Vurğunun “Fərhad və Şirin” və başqa dram tamaşalarına musiqi yazır.
1932-ci ildə o, Moskva konservatoriyasının dirijorluq fakültəsində təhsil almağa yolanır. Lakin bir ildən sonra sənətkar Moskvadakı təhsilini dayandırıb Bakıya qayıdır və R.Qliyerin “Şahsənəm” operasının yeni quruluşda, C.Cabbarlının librettosu əsasında tamaşaya hazırlanmasında iştirak edir.
Sankt-Peterburqda o, N.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyası nəzdindəki musiqi texnikumunun bəstəkarlıq şöbəsinə daxil olub. Mədəniyyət xadimi Leninqrad Opera və Balet Teatrının baş dirijoru V.Dranişnikovun rəhbərliyi altında dirijor assistenti kimi işləməyə başlayıb.
Əfrasiyab Bədəlbəyli Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə dirijorluq edib. O, 1938-ci ildən ömrünün sоnunadək Azərbaycan Dövlət Opera və Balet Teatrında dirijоr işləyib.
Sənətkar əməkdar incəsənət xadimi, xalq artisti fəxri adına layiq görülüb və Xor Cəmiyyətinin sədri vəzifəsinə seçilib. Bədəlbəylini Azərbaycan Televiziyası və Radiosu ilə xalq musiqisi və muğamlar haqqında silsilə çıxışları olub. 1969-cu ildə bəstəkar Fransanın Paris şəhərində Azərbaycan musiqisi haqqında mühazirələrlə çıxış edib.
Xalq artisti 9 yanvar (6 yanvar) 1976-cı ildə vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn olunub.