Azərbaycanda ilk dəfə yeni superintensiv texnologiya əsasında fındıq bağlarının salınmasına başlanılıb. Bu barədə İnsanoid Kənd Təsərrüfatı Nazirliyinə istinadən bu gün, 30 avqust tarixində xəbər verir.
Bağların salınmasında nazirliyin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri Xorvatiya, Ukrayna, Böyük Britaniyadan olan həmkarları ilə birgə fəaliyyət göstərirlər.
Bu texnologiya üzrə fındıq bağlarının salınmasında, əsasən, 3×0,6 m və 3×0,7 m əkin sxemlərindən istifadə olunur. Onlar bir hektar sahəyə 4700-5500 ədəd fındıq tingi əkilməsinə və hektardan məhsuldarlığın 8-10 tona çatdırılmasına imkan yaradır.
Bu məqsədlə ölkəmizdə ilk dəfə müasir fındıq tingliyi yaradılıb. Ölkəyə yeni fındıq sortları gətirilib. Yeni üsulla salınan fındıq bağlarında quruma faizi, demək olar ki, sıfıra endirilib.
Quba və Zaqatalada “Fındıq bitkisinin becərilməsində müasir yanaşmalar” elmi-praktiki seminarlarda fermerlərə superintensiv texnologiya əsasında fındıq bağlarının salınmasına dair geniş məlumat verilib.
Azərbaycanda fındıq bağlarının ümumi sahəsi 2015-ci ilə nisbətən 47,7 min hektar artaraq 2021-ci ildə 80,4 min hektar təşkil edib.
