Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İrandakı səfirliyimizə silahlı hücuma görə məsuliyyət daşıyanların cəzalandırılmasına çağırıb. Bu barədə diplomat “Facebook” hesabında yazıb.
“Səfirliyimizə edilmiş silahlı hücum nəticəsində dəyərli əməkdaşımız Orxan Əsgərov mühafizəni təmin edərkən qətlə yetirilib, 2 əməkdaşımız yaralanıb”, – səfir qeyd edib.
O, Orxan Əsgərovun ailə üzvlərinə və əzizlərinə öz adından və səfirliyin əməkdaşları adından dərin hüznlə başsağlığı verib, həmçinin yaralılara şəfa diləyib: “Bu acımasız terror aktını qətiyyətlə pisləyir və törədənlərin tam cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklər toxunulmazdır və onların mühafizəsi qəbul edən dövlət tərəfindən tam təmin olunmalıdır!”.
Qeyd edək ki, bu gün səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Nəticədə mühafizə xidmətinin rəisi qətlə yetirilib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.