TÖVSİYƏ XƏBƏRLƏR

Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası müvəqqəti dayandırılır

Şuşadan keçən Xankəndi-Laçın yolunda aksiya keçirən azərbaycanlı ekofəallar bəyanat yayıblar. Bu barədə 28 aprel tarixində Report məlumat verib.

Bəyanatda deyilir:

“Qeyri-hökumət təşkilatları nümayəndələrinin, ekofəalların və gənc könüllülərin Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq, 2022-ci il dekabrın 12-dən etibarən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində başladığı dinc etiraz aksiyası 138 gündür ki, davam edir.

Biz ötən müddətdə gecə-gündüz fasiləsiz keçirilən aksiyada təbii sərvətlərimizin talan edilməsi ilə bağlı şüarlar səsləndirmiş, beynəlxalq ictimaiyyət və təşkilatlardan Azərbaycan ərazilərində törədilən ekoloji cinayətlərə son qoyulmasını istəmişik. Gənc könüllülər və ekofəallar olaraq, Azərbaycanın bu sahədə tələbini dünya ictimaiyyətinə çatdırmaqdan və öz haqlı mübarizəmizi aparmaqdan şərəf duyuruq!

2023-cü il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən suveren ərazimizdə, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması isə hər bir Azərbaycan vətəndaşı kimi bizi də qürurlandırır və sevindirir.

Bildirmək istəyirik ki, biz, ekofəallar və gənc könüllülər tələblərimizə qismən nail olduğumuzu, eləcə də dövlət nümayəndələri tərəfindən bizə dəfələrlə edilən müraciətləri nəzərə alaraq, 2023-cü il aprelin 28-də saat 18:00-dan etibarən etiraz aksiyamızı müvəqqəti dayandırmaq barədə qərar qəbul etmişik.

Bəyan edirik ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasına, ekoloji və digər fəsadlarla bağlı monitorinqin keçirilməsinin təmin olunmasına dair sülhməramlı kontingentin komandanlığından tələblərimiz qüvvədə qalır və bu tələblər yerinə yetirilməyəcəyi halda aksiyanın yenidən bərpa olunması hüququnu öz üzərimizdə saxlayırıq!

Bir daha bəyan edirik:

Ekocinayətə son!

Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!

Azərbaycan vahiddir, sərvətinə sahibdir!

28 aprel 2023-cü il”.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx